İcra Hakimiyyəti
Fəaliyyət
Cəbrayıl Rayon İcra Hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni rəhbər tutaraq rayonun ictimai-siyasi və sosial-mədəni həyatında dövlət idarəçiliyini həyata keçirir. Qurumun fəaliyyətinin ana xəttini vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının qorunması, sakinlərin müraciətlərinə şəffaf və operativ baxılması, habelə şəhid ailələri və qazilərin sosial məsələlərinin həlli təşkil edir. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə İcra Hakimiyyətinin aparatında hər həftənin 3-cü günü vətəndaşların fərdi qəbulu keçirilir. Bununla yanaşı, idarəçilikdə əlçatanlığın artırılması üçün ayda 4 dəfədən az olmayaraq respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış rayon sakinləri ilə yerlərdə səyyar görüş-qəbullar təşkil olunur. Şəffaflığın və vətəndaşların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə səyyar qəbulların keçirilmə yeri və tarixi barədə məlumatlar əvvəlcədən Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı vasitəsilə vətəndaşlara elan edilir.
Rayon İcra Hakimiyyətində kargüzarlıq və vətəndaşların müraciətlərinə baxılması prosesi “Vətəndaşların müraciətləri haqqında” Qanunun və müvafiq dövlət təlimatlarının tələblərinə uyğun icra olunur. Daxil olan hər bir ərizə, şikayət və təklif rəsmi qeydiyyata alınaraq qanunla müəyyən edilmiş müddətdə araşdırılır və müəllifə əsaslandırılmış cavab verilir. Müraciətlərin operativ həlli və icra intizamı rəhbərliyin daimi nəzarətindədir.
Rayon İcra Hakimiyyətinin fəaliyyəti, habelə qarşıda duran vəzifələrin sistemli şəkildə icrası əvvəlcədən təsdiq edilmiş İllik İş Planı əsasında tənzimlənir. Bu plan rayonun sosial-iqtisadi inkişaf perspektivlərini, humanitar sahədə həyata keçiriləcək tədbirləri, dövlət proqramlarından irəli gələn tapşırıqların icra müddətlərini və vətəndaş cəmiyyəti ilə təmasların gücləndirilməsi strategiyasını özündə birləşdirir. İş planına uyğun olaraq hər bir struktur bölmə üzrə konkret hədəflər müəyyənləşdirilir, rüblər üzrə hesabatlılıq təmin olunur və resursların səmərəli idarə edilməsi vasitəsilə qarşıya qoyulmuş hədəflərin vaxtında icrasına nəzarət edilir. İllik İş Planı çərçivəsində görülən bütün işlər rayon sakinlərinin rifahına və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edir.






