Rayonun işğalı
Rayonun işğalı
Dağlıq Qarabağ münaqişəsi
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.
Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.
Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. "Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi…." Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin - Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Bununla, 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar. (Azərbaycan xalqına qarşı 1918-ci ilin Mart soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçıları-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı çevrilmiş bu müharibədə Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.
1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi.
Ermənilər işğal etdikləri torpaqları "viran qoymaq" taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər.
Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.
Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqlarını işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri aşağıdakı kimi olmuşdu: yaşayış evləri-150000, ictimai binalar-7000; ümumtəhsil məktəbləri-693; səhiyyə obyektləri-695; avtomobil yolları-800 km, körpülər-160; su kəməri- 2300 km, elektrik xətti-15000 km, meşə sahəsi - 280000 ha, əkin sahəsi-200000 ha, tarixi abidə və muzeylər- 464. İlkin hesablamalara görə Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir. Bundan başqa Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 %-i, meşə fondunun 23,8 %-i, su ehtiyatlarının 7,8 %-i və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.