Kəlbalıyev Səyavuş Hümbət oğlu
Kəlbalıyev Səyavuş Hümbət oğlu - 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almış Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbiçi kimi xidmətini davam etdirmişdir. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi idi. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək həlak olmuşdur. Peşəkar hərbiçi idi. Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hacıyev Fərid Təşkilat oğlu
Hacıyev Fərid Təşkilat oğlu - 04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirmişdir. Vətənə olan sevgisi onu hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında Hacıyev Fərid Təşkilat oğlu 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Peşəkar hərbiçi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ataşov Asif Kərim oğlu
Ataşov Asif Kərim oğlu –10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Ağdamın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əliyev Ziyadxan İbrahim oğlu
Əliyev Ziyadxan İbrahim oğlu - 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. 01 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə tapşırığı yerini yetirərkən düşmənin snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Kürdəmir rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Ziyadxan İbrahim oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlizadə Nicat Qorxmaz oğlu
Əlizadə Nicat Qorxmaz oğlu – 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində almışdır. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Əlizadə Nicat 07 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əlizadə Nicat Qorxmaz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şahvediyev Böyükağa Savalan oğlu
Şahvediyev Böyükağa Savalan oğlu - 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Böyükağa Şahvediyev Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 08 oktyabr 2020-ci il tarixdə Füzuli, Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Rəhimov Zamin Vahid oğlu
Rəhimov Zamin Vahid oğlu - 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. Şuşa Musiqi texnikumunun qarmon ifası üzrə müəllim ixtisasına yeyələnən Zamin Rəhimov 2013-cü ildən Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyət göstərirdi. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Z.Rəhimov 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Ailəli idi, bir övladı var. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda” medallı ilə təltif edilmişdir.
Əsədov Səbuhi Azər oğlu
Əsədov Səbuhi Azər oğlu – 19 yanvar 1999-cu ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Səbuhi 2005-2016-cı illərdə Suraxanı rayonu 85 nömrəli tam orta məktəbində təhsil almışdır. 14 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Mingəçevirdə keçirən Səbuhi Əsədov 27 sentyabr 2020-ci ildə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Əsədov Səbuhi Azər oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşannın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əzizov Elçin Əvəz oğlu
Əzizov Elçin Əvəz oğlu - 30 mart 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində andan olub. İlk təhsilini doğulduğu kənddə alan Elçin məcburi köçkün düşdükdən sonra Xətai rayon 28 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2002-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. 2006-cı ildə universiteti bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini uğurla başa vurduqdan sonra 2007-2012-ci illərdə müxtəlif sahələrdə çalışmışdır. Hərbiyə olan böyük marağı onu 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarır. İşlədiyi müddət ərzində göstərdiyi yüksək səviyyəli xidmətə görə Elçin Əzizov dəfələrlə Fəxri fərman və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə O, 16 avqust 2018-ci il tarixdə “Hərbi xidmətlərə görə”, 16 avqust 2019-cu il tarixdə “Vətən uğrunda” medalları, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə 29 dekabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, 03 dekabr 2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 18 avqust 2015-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur. Elçin Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən dördgünlük aprel döyüşlərində könüllü olaraq iştirak edir və böyük şücaət göstərir. 27 sentyabr 2020-ci il tarixdən başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən müharibədə böyük qəhrəmanlıq göstərərək, oktyabr ayının 13-də Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Hacıyev Ramid Nəriman oğlu
Hacıyev Ramid Nəriman oğlu - 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərmiş, Tabor komandiri olmuşdur. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi almışdır. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunmuşdur. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mayor Hacıyev Ramid Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
İsmayılzadə Sevindik Ramil oğlu
İsmayılzadə Sevindik Ramil oğlu - 30 noyabr 1998-ci ildə Saatlı rayonda dünyaya gəlmişdir. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Sevindik Qaradağ rayonunda yerləşən 49 saylı Füzuli rayon tam orta məktəbinin məzunu olmuşdur. S.İsmayılzadənin idmana çox böyük marağı olduğundan, bir çox idman növləri ilə məşğul olmuş və nailiyyətlər qazanmışdır. 24 İyul 2017-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Sumqayıt şəhərində yerləşən N sayılı hərbi hissədə and içmə mərasiminə qədər xidmət etmişdir. Daha sonra Bakı şəhərində yerləşən N sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, burada olduğu müddətdə göstərdiyi yüksək xidmət nəticəsində fəxri fərmanla təltif edilmişdir. Hərbi xidmət göstərdiyi dövrdə Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu uğurla başa vurmuşdur. İkinci Qarabağ savaşı başlayan zaman Sevindik yenidən hərbi komissarlığa çağırılır, ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də Sevindik təkidlə onu cəbhə bölgəsinə, həm də Cəbrayıla döyüşməyə aparılmasını komissardan istəyir və bu istəyinə nail olur. Füzuli istiqamətində gedən döyüşlər zamanı əsgər yoldaşının yaralandığını görür və onu xilas etmək istəyir. Elə həmin vaxt düşmən snayperi ilə amansızcasına vurulur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Sevindik Ramil oğlu ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əmirov Anar Allahverdi oğlu
Əmirov Anar Allahverdi oğlu - 29 dekabr 2000-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar 2018-ci ildə Sabirabad rayonu Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon 12 saylı tam orta məktəbini bitirmişdir. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Cəlilabad rayonu N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra orada qalıb müddətdən artıq xidmət etməyə qərar vermişdir. 15 oktyabr 2020-ci il tarixdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ savaşında Zəngilan rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına döyüşərək Şəhid olmuşdur. Füzuli rayonu Qazaxlar kənd məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmirov Anar Allahverdi oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir .
Xəlilov Ruhin Müzəffər oğlu
Xəlilov Ruhin Müzəffər oğlu – 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. İlk təhsilini Səbail rayon 203 saylı orta məktəbdə almışdır. Abşeron rayon 1 saylı tam orta məktəbini bitirdikdən sonra 2005- 2009-cü illərdə “Asiya” Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. Ruhin Xəlilov Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışırdı. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı idi. Ailəli idi, üç övladı var. İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edir və qısa bir zamanda cəbhəyə yollanır. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda “ və "Qubadlının azad olunmasına görə" medallarıı ilə təltif edilmişdir. Eyni zamanda, Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Paşayev Elsevər Vaqif oğlu
Paşayev Elsevər Vaqif oğlu - 1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin ümumi orta təhsil pilləsini bitirmişdir. 2003-2006-cı illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi. Beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E. Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
İsmayılzadə Vaqif Vüqar oğlu
İsmayılzadə Vaqif Vüqar oğlu - 1996-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Vaqif 2014-cü ildə F.Miriyev adına Araz qəsəbə tam orta məktəbini bitirmişdir. 2016-cı ildə hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. Həmin ilin noyabr ayında Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində işə başlamışdır. Hərbi polis idi və işini çox sevirdi. Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əsgər yoldaşlarını neytral ərazidən çıxaran Vaqifin öz nəşi üç gün neytral ərazidə qalır. 25 oktyabrda ailəsinə şəhidlik xəbəri verilir. 26 oktyabrda Beyləqan rayon məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Həmidzadə Hüseyn Akif oğlu
Həmidzadə Hüseyn Akif oğlu - 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həmidzadə Hüseyn Akif oğlu ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Süleymanov Əyyub Rasim oğlu
Süleymanov Əyyub Rasim oğlu – 09 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Mustafayev Təhmasib Sərməst
Mustafayev Təhmasib Sərməst oğlu - 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. 1996-2007-ci illərdə Kürdəmir rayon Vahid Əhmədov adına tam orta məktəbdə təhsil almışdır. 2008-2009-cu illərdə Naxçıvanda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ilin aprel ayından etibarən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunda dəzgahlı qumbaraatanın heyət komandiri olaraq yenidən ordu sıralarına qoşulmuşdur. 2011-ci ildə Türkiyədə xüsusi təyinatlı dəstədə 6 aylıq təlim keçmişdir. 2012-2014-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbinin “Daxili Qoşunlarda taktiki komandanlıq” ixtisasını bitirərək leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. 2018-ci ildə xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunun komandiri vəzifəsinə təyinat almışdır. Xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medala layiq görülmüşdür. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən 07 noyabr 2020-ci il tarixində Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Ailəli idi, bir övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Mustafayev Təhmasib Sərməst oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Bayramlı Tural Ədil oğlu
Bayramlı Tural Ədil oğlu -10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən olan Tural 2003-2014-cü illərdə Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində təhsil almışdır. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət etməyə başlayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı baş çavuşu olub. T.Bayramlı 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Beyləqan rayon məzarlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bayramlı Tural Ədil oğlu ölümündən sonra “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Rüstəmov Vüsal Valeh oğlu
Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır. Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuşdur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə gizir Rüstəmov Vüsal Valeh oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
İsmayılov Emin Tahir oğlu
İsmayılov Emin Tahir oğlu - 21 May 2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin Nəsimi rayon 54 saylı tam orta məktəbin məzunu olmuşdur. Peşəkar idmanla məşğul olurdu. 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlanmış, Emin torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2-ci Fəxri xiyabanda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İsmayılov Emin Tahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Cavadov Mahmud Heydər oğlu
Cavadov Mahmud Heydər oğlu - 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl şəhərdən olan M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir. İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud Heydər oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Hüseynov Elxan Maarif oğlu
Hüseynov Elxan Maarif oğlu – 12 mart 2000-ci ildə Qaradağ rayonunda anadan olub.O, 12 mart 2000-ci ildə Qaradağ rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan ilk təhsilini Xanış Rüstəmov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə almış, 2015-ci ildə həmin məktəbin IX sinfini bitirərək ümumi orta təhsil almışdır. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətə olub. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda müddətli hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında böyük rəşadət göstərmişdir. Baş kəşfiyyatçı idi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. Şuşa istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən güllə yarası alır. Xəstəxanaya aparılarkən TTY maşını minaya düşür və möcüzə nəticəsində həyatda qalır. Bir aydan çox komada olan Elxanı həkimlərin səyinə baxmayaraq həyata qaytarmaq mümkün olmur. 13 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Elxan Maarif oğlu ölümündən sonra “Vətən uğrunda", Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə " və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.