Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2021 | 16:00

      Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
    Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.
      Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
     Qeyd edək ki, bu il Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin təhsil işçilərindən biri də Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi məktəbinin müəllimi Rəhimov Zamin Vahid oğludur. Allah rəhmət eləsin, bütün şəhidlərimizi dərin ehtiramla anırıq. 
    Rayonumuzun müəllimləri ziyalı adını daim yüksək tutmuş, xalqımızın mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, savadlı, vətənpərvər gənc nəslin formalaşdırılmasında mühüm rol oynamışlar. Təsadüfi deyil ki, rayonumuz öz təhsil ənənəsi ilə həmişə seçilmiş, ölkəmizə çoxlu sayda alimlər, ictimai, siyasi və dövlət xadimləri bəxş etmişlər. Müəllimlərimiz Azərbaycan müəlliminin şərəfli adını daim uca tutur və müstəqil vətənimizin yeni nəslinin yetişdirilməsində səylə çalışırlar.
Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim kollektivini 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə ürəkdən təbrik edir, onlara bu çətin və şərəfli yolda uğurlar diləyirik.

 

Keçidlər