Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan memarlığının ən möhtəşəm abidəsi – Xudafərin körpüləri

07 avqust 2021 | 16:00
Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri haqqında zaman-zaman az danışılmayıb. Mərhum yazıçı "Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı Şah İsmayıl Xətayinin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi əsərin adını təşkil edib. Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir. Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olmuşdur.
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub. Artıq bu körpülər Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çervrilmişdir. Xudəfərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzahürü olaraq öz mənəvi dəyərini qoruyub saxlamışdır. Eyni zamanda Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır.
Cəbrayıl ərazisində nəinki təkcə Xudəfərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və başqaları var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu mədəniyyətlərdən biridir. 
Təəssüflər olsun ki, on bir aşırımlı körpünün sahil tağları XX yüz ilin 30- cu illərində Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək üçün İran və SSRİ rəhbərliyinin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir.
27 il sonra 4 oktyabr 2020-ci il tarixdə Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunda,  18 oktyabr  2020-ci il tarixdə isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Bununla bağlı Prezident İlham Əliyev öz “tvitter” hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər