Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramınız mübarək olsun!

20 iyul 2021 | 16:00
Hörmətli həmvətənlilərimiz!
    Əziz Cəbrayıllılar!
 
    Sizi Müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə can sağlığı və səadət arzulayırıq.
    Qurban bayramı ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində eləcə də Cəbrayıl rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir.
Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək insanları hallalığa, paklığa, birliyə səsləyir. Qurban bayramı günlərində ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.
    Bu ilki Qurban bayramı dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək,  parlaq Zəfər ilə yaddaşlarda əbədiləşəcəkdir. Haqq işi uğrunda mübarizə apararaq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi xoşbəxtlik gətirmişdir. 
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminik ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Qurban bayramınız mübarək olsun!.
.
 
Cəbrayıl Rayon İcra Hakimiyyəti
 
Keçidlər