Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01 iyun 2021 | 16:00

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları Haqqında Konvensiya Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949- cu ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə, ilk növbədə, uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır. Uşaqların müdafiəsi günündə bütün dünyanın diqqətini cəmiyyətin bu kövrək təbəqəsinə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. 1991-ci il oktyabrın 18-də özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası  bir il sonra, 1992-ci ildə həmin konvensiyaya qoşulub. Xatırladaq ki, 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin    "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş, ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Uşaq hüquqları haqqında" (1998), habelə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" (1999) Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub.Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda nə qədər tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Amma əslində təkcə 2009-cu ildə deyil, bütün sonrakı illərdə də uşaqların problemlərinin həllinə Azərbaycan dövləti öz diqqətini bir an belə azaltmamış, əksinə, daim artırmağa çalışmışdır.Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Müxtəlif dövlət sturukturlarının cəlb olunduğu bu proqramlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəal iştirak edir.Komitə respublikamızda ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasəsətini həyata keçirən, bu sahədə inkişafı təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır və qarşısına qoyulan ən əsas vəzifələrdən biri də bu gün Azərbaycanda uşaqlar haqqında vahid məlumat bazasının formalaşdırılmasıdır. Məhz belə bir məlumat mərkəzi əsasında ölkədə uşaqların vəziyyətini, onların inkişafı ilə bağlı həllini gözləyən əsas problemləri müəyyən etmək mümkündür ki,  bu istiqamətdə də müvafiq tədbirlər görülür.

Keçidlər