Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 36 yaşı olardı

29 mart 2021 | 16:00

     Mart ayının 30-u 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan biri olan   Azərbaycan Silahlı Qüvvələrinin baş leytenant Əzizov Elçin Əvəz oğlunun doğum günüdür. O, 30 mart 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə alan Elçin məcburi köçkün düşdükdən sonra Xətai rayon 28 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2002-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. 2006-cı ildə universiteti bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini uğurla başa vurduqdan sonra 2007-2012-ci illərdə müxtəlif sahələrdə çalışmışdır. Hərbiyə olan böyük marağı onu 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarır. İşlədiyi müddət ərzində göstərdiyi yüksək səviyyəli xidmətə görə Elçin Əzizov dəfələrlə Fəxri fərman və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə O, 16 avqust 2018-ci il tarixdə “Hərbi xidmətlərə görə”, 16 avqust 2019-cu il tarixdə “Vətən uğrunda” medalları, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə 29 dekabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, 03 dekabr 2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 18 avqust 2015-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur.
     Elçin Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən dördgünlük aprel döyüşlərində könüllü olaraq iştirak edir və böyük şücaət göstərir. 27 sentyabr 2020-ci il tarixdən başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən müharibədə böyük qəhrəmanlıq göstərərək,  oktyabr ayının 13-də Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına  Şəhid olmuşdur. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına  görə” medalları ilə təltif edilmişdir.
     Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər