Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramınız mübarək olsun!

19 mart 2021 | 16:00
    Hörmətli həmvətənlilərimiz!
    Əziz Cəbrayıllılar!
 
    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayırıq.
    Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində eləcə də Cəbrayıl rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd edilir. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 
    Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Əfqanıstanda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Bayram əsasən mart ayının 20, 21 və 22-də gecə-gündüzün bərabərliyi günlərində keçirilir. Hətta İran və Əfqanıstanda bu bayram rəsmi təqvimin ilk günü kimi sayılır. Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş,  BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
    Bu il müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Zəfər ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə apararaq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. 
    Qarşıda bizi doğma yurd yerimiz olan Cəbrayılda nəhəng quruculuq işləri gözləyir. İnanırıq ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirərək, doğma Cəbrayılımızı qısa müddətdə dirçəldəcəyik.
    Xalqımızın qalibiyyət ovqatı  ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
    Təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə ruzi-bərəkət,  ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin.
    Novruz bayramınız mübarək olsun!
 
Cəbrayıl Rayon İcra Hakimiyyəti
 
Keçidlər