Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib

16 oktyabr 2020 | 16:00

Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistan üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdü. Döyüş meydanında məğlubiyyətə uğrayanda onlar çirkin əməllərə əl atmaqla məşğuldur. Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər. Çünki Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir.
   Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürüdür. Türkiyə bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəkləyir. Bununla bərabər Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verdi.
   Atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın.
Ermənistan hesab edirmiş ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilər, vaxt qazana bilər, yeni qüvvələr səfərbər edə bilər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilər. Amma bunda yanıldılar.
Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər Naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi.
   Biz təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Lakin bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir.
   Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyildir.
   Hazırda heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Ona görə də Ermənistanın göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq.
  Bu gün Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Mümkün deyil ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın.
   İlkin mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşırıq.
   Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq.
İndi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq ki, buna nail olaq.
   Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.
   Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik.
   Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir.
   İlk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.
   Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur.
   Qardaş Türkiyəni bu prosesdə görürük və alqışlayırıq. Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var.
   Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər.
   Türkiyənin hərbi əməliyyatlarda iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi.
   Lakin, Ermənistanda, o cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Bölgəni işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də məhv edəcəyik. Başqa ölkənin vətəndaşı gəlib Azərbaycana qarşı müharibə aparır. Bunlar muzdlulardır.
   Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. 
   Erməni ordusuna çox böyük zərbə vuruldu, 33 tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı.  TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir.
   Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir.
   Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar.
   İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. Ermənistan beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşayır. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın.
   Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
   Ermənistanın dinc əhaliyə qarşı etdiyi terror nəticəsində evləri dağılmış insanlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.
   Ölkədə baş verən bu hadisələr Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Vətəndaş deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.
   Biz Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Kim məcbur edə bilərdi?! Heç kim. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar.
   Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı ver.
   Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır.
   Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.
   Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!

 

Keçidlər