Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir

17 iyul 2020 | 16:00

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.  Bu hadisələr bütövlükdə Ermənistan dövlətinin beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, sivil dəyərlərə məhəl qoymamasını, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsini göstərdi. Beynəlxalq ictimaiyyət, bir daha gördü ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı deyil və təcavüzkar niyyətindən əl çəkmir.
    Digər tərəfdən, qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir. Azərbaycan Ordusu bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb, döyüş meydanında öz gücünü göstərib. 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edən müzəffər ordumuz iki il sonra uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsini nəzarətə götürdü, təcavüzkarları həmin bölgədən çıxardı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən götürülmüş strateji yüksəkliklər Ermənistanın bir neçə yaşayış məntəqəsinə, o cümlədən bu ölkədən Dağlıq Qarabağa gedən avtomobil yoluna nəzarət etməyə imkan verir. Məhz dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.
    Bütövlükdə, bu təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.
    Bunlarla yanaşı, Azərbaycan Ordusunun uğurlu əməliyyatı, əldə olunmuş nəticə, hərbi qələbə xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Məhz iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya xalqımızın öz dövlətinə, Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına qətiyyətli dəstəyinin ifadəsi oldu. Milli maraqların qətiyyətli müdafiəçisi olan bu insanlar Şəhidlər xiyabanına getdikləri müddət ərzində səsləndirdikləri şüarlarla xalq-iqtidar birliyini, milli həmrəyliyi real surətdə nümayiş etdirdilər. Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
    Bütün bunlar həm də Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu əyani surətdə nümayiş etdirdi. İftixar olunası haldır ki, aksiya iştirakçıları vətənə sevgi və sədaqət hisslərini böyük coşğu ilə ifadə etdilər.

Keçidlər