Yetkinlik Yaşına Çatmayanların tərbiyəsi, təhsili və məşğulluğu mövzusunda maarifləndirici söhbət aparılıb
27 fevral 2023-cü il tarixdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 8 saylı tam orta məktəbin şagirdləri ilə görüşü keçirilib. Görüşdə Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov, komissiyanın üzvləri, məktəbin direktoru Ülfət Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.
Görüşdə çıxış edənlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.12 bəndinə uyğun olaraq yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi barədə maarifləndirici söhbət aparıblar. Qeyd olunub ki, təhsil uşaqların həyatında mühüm yer tutur, sağlam gələcəyin inkişafının təməlində təhsil dayanır. Məktəbin pedaqoji kollektivi olaraq müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Onların şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlətimizə layiqli vətəndaş yetişdirmək missiyasını şərəflə həyata keçirilməsində böyük zəhmətləri var. Bu gün Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri təhsil şəraitinin daha da yaxşılaşdırılmasıdır ki, bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın gələcəyi olan şagirdlər bu şəraitdən səmərəli istifadə etməli, və eyni zamanda öz əhatələrində olan həmyaşıdlarına da təbliğ etməklə gələcək həyatlarının sağlam təşkilinə mühüm töhfə vermiş olacaqları vurğulanıb. Bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycan Respublikasının dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə məktəblərdə kampaniya xarakterli deyil, davamlı strateji hədəfdir. Şagirdlərimiz daha çox idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalı bu kimi zərərli vərdişlərdən uzaq olmalıdırlar.
Daha sonra şagirdlərin təlim tərbiyəsində məktəb-valideyn münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, məktəbdə bunun üçün mütəmadi görüşlər keçirilməsinin vacibliyini, bunun nəticə etibarilə uşaqların sağlam mühitlə əhatə olunmaları və sağlam gənc kimi formalaşmasında və təhsildə uğur əldə edilməsində vacib şərt olduğunu qeyd etdilər. Sonda məktəb kollektivi səslənən fikirlərə öz münasibətlərini bildirərək maarifləndirici tədbir kimi bu görüşün təşkilinə görə təşəkkür ediblər.