Yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə videokonfrans keçirilib
12 aprel 2023-cü il tarixdə Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda yerli icra hakimiyyəti orqanlarının həmicraçı qismində nəzərdə tutulduğu tədbirlərin əlaqəli icrasının təmin edilməsi məqsədilə videokonfrans keçirilib. Onlayn formatda keçirilən iclasda yerli rayon icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov açılış nitqi ilə çıxış edərək qeyd olunan tədbirlər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyət bölgüsünün aparıldığını diqqətə çatdırıb. O, sözügedən tədbirlərin icrasında yerli icra hakimiyyəti orqanlarının rolu və tədbirlərin cari icra vəziyyəti barədə məlumat verib. Aparat rəhbəri tədbirlərin uğurlu icrasında Agentliyin regional bölmələri ilə yerli icra hakimiyyəti orqanlarının işguzar əlaqələrinin qurulmasının vacibliyini ifadə edib.
İclasda Cəbrayıl rayon icra hakimiyyətinin başçısının müavini Tapdıq Nəsirov da çıxış edərək tədbirlərin icrası ilə əlaqədar təkliflərini səsləndirib.
Sonda Elxan Mikayılov iclas iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirib.