Yel Çərşənbəniz mübarək olsun!
Bu gün İlaxır çərşənbələrin üçüncüsü – Yel Çərşənbəsidir. Dünyanın yaranmasına səbəb olan üçüncü ünsür hava olduğundan, bu çərşənbə Yel çərşənbəsi adlanır.
Yel torpağı, suyu durğunluqdan çıxarır. Mifik təsəvvürlərdə Od və havanın işə qarışması ilə sular dalğa¬lanır, coşub-daşır, torpaqlar vulkana çevrilib püskürür. Xalq arasında “Yel olmasa, sel olmaz”, “Yel eləyəni fələk eləyə bilməz”,– deyimləri yaranıb. İnanca görə, həmin gün söyüd ağa¬cının altında dilək tutub, “A Yel baba, Yel baba, gözləyirik, gəl, baba” - deyib “Yel baba”nı çağırsan, niyyətin hasil olar.
Yel özündən əvvəlki Od çərşənbə¬sinin hərarətini çöllərə yayır, torpağı isitməyə, oyatmağa tələsir. Həmin gün əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çər¬şənbəsi” kimi də tanınır.
Yel çərşənbəsi günü süfrədə şir¬niyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Hamı bir-birini “Çərşənbən mübarək!”– deyə təbrik edir.
Yel çərşənbəniz mübarək!