Yaşasaydı 33 yaşı olardı
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Yolçuzadə Nizami Vahid oğlu 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini rayonun 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə savadı, yüksək vətənpərvərliyi ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə olan bu sevgi onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Ali hərbi məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə zabit olaraq Milli Ordu sırasına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış və bütün şəxsi heyətin rəğbətini qazanmışdır. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirinin 23.05.2016-cı il tarixli, 095t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 20.06.2019-cu il tarixli, 079t nömrəli əmri ilə “Azərbaycan Ordusunun 100 illik yubiley" medalları və 26.06.2019-cu il tarixli, 0153 nömrəli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Kapitan rütbəsinə qədər yüksələn Yolçuzadə Nizami Tabor komandirinin müavini vəzifəsində çalışırdı.
Yolçuzadə Nizami Vahid oğlu 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Ailəli idi, iki azyaşlı övladı var.
Nizami Yolçuzadənin əmisi oğlu Kamal Yolçuzadə və dayısı Zahid Mehdiyev də Birinci Qarabağ müharibəsində şəhid olublar.
Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!