Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəbrayıl rayon təşkilatının X konfransı keçirilib

18 sentyabr 2026 | 16:31

18 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının X konfransı keçirilib. Konfransda Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, Milli Məclisin Deputatı Ceyhun Məmmədov, YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rəşad Abbaszadə, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək hesabat dövründə təşkilatın qarşıya qoyduğu vəzifələrdən, icrası istiqamətində məqsədyönlü fəaliyyətindən, rayonun ictimai-siyasi həyatında fəal iştirakından söhbət açıb. Bildirib ki, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi və partiyanın əsas prinsiplərinin təbliği istiqamətində ardıcıl və səmərəli tədbirlər həyata keçirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan və fəaliyyətindən geniş söhbət açıb. Bildirib ki, partiyanın proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, qanunçuluq, vətəndaş həmrəyliyi, sosial ədalət və milli-mənəvi dəyərlər əsas prinsiplər kimi müəyyənləşdirilib. Bu baxımdan Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki nüfuzu yalnız onun siyasi təşkilat kimi fəaliyyətinin nəticəsi deyil. Bu nüfuz, eyni zamanda, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, ictimai-siyasi sabitliyin qorunması və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı proseslərdə partiyanın oynadığı siyasi rol ilə əlaqələndirilir. İcra başçısı qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sistemində aparıcı siyasi qüvvələrdən biri kimi fəaliyyət göstərir. Partiyanın əsas gücü onun dövlətçilik ideyaları ilə cəmiyyətin milli maraqlarını uzlaşdırmağa çalışmasında, müxtəlif sosial təbəqələri vahid siyasi platforma ətrafında birləşdirməsindədir.
Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycanın inkişafına və mühüm nailiyyətlər əldə etməsinə öz töhfəsini verib.
Daha sonra, Rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, V.İsmayılov adına Çərəkən kənd tam orta ümumtəhsil məktəbinin direktoru Arifə Əhmədova və digərləri çıxış edərək YAP rayon təşkilatının fəaliyyətindən, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakından geniş söhbət açıb, YAP Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rəşad Abbaszadə çıxış edərək YAP-ın öz fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təmin olunmasının qarantı olan əsas ümummilli siyasi təşkilat olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində partiya bu gün regionun ən güclü siyasi təşkilatına çevrilməklə yanaşı beynəlxalq əlaqələrini də genişləndirərək əsl dövlətçilik partiyasına çevrilib.
Konfransda YAP Cəbrayıl rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Keçidlər