Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəbrayıl rayon təşkilatının 30 illik yubileyinə həsr olunmuş ümumrayon konfransı keçirilib

26 oktyabr 2023 | 17:16

26 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının 30 illik yubileyinə həsr olunmuş ümumrayon konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və “Şəhidlər” Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu dərin ehtiramlarla yad ediblər.

 Konfransda Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, AMEA-nın müxbir üzvü, 91-lərdən olan Novruz Quliyev, Millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur üzrə zona kuratoru Elmar Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edənlər bildiriblər ki, bu il Azərbaycanın güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının 31 və Cəbrayıl rayon təşkilatının yaradılmasının 30 ili tamam olur. Biz Cəbrayıllılar ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının və onun rayon təşkilatının  ildönümünü hər il böyük sevinc və qürur hissi ilə qeyd edir, partiyanın yarandığı tarix əlamətdar bir gün kimi yaddaşımıza həkk olunub. Əlbəttə keçən bu illər ərzində Azərbaycan Respublikasının əldə etdiyi müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir.

Natiqlər 30 illik yubiley münasibətilə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının bütün üzvlərini təbrik edib, partiyaya bundan sonra da Azərbaycan xalqının rifahının yüksəlməsi və Azərbaycan Respublikasının tərəqqisi naminə yeni uğurlar arzulayıblar. 

Çıxışlardan sonra YAP Cəbrayıl rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri diplomlar, Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.

Keçidlər