Şriftin ölçüsü :

Saytın rəngi :

Xudafərin körpüləri

11 mart 2026 | 10:04

    Xudafərin körpüləri Azərbaycanın zəngin memarlıq irsinin parlaq nümunələrindən biri olmaqla, Araz çayı üzərində, Cəbrayıl rayonu ərazisində yerləşir və tarixən ölkənin şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat və ticarət arteriyası funksiyasını yerinə yetirmişdir. Körpülər orta əsrlərdə Cənubi və Şimali Azərbaycanın şəhərlərini birləşdirən karvan yolunun, o cümlədən Böyük İpək Yolunun üzərində yerləşərək iqtisadi, mədəni və hərbi-strateji baxımdan xüsusi əhəmiyyət daşımışdır.
    Hazırda elmi ədəbiyyatda daha geniş qəbul edilən versiyaya əsasən, körpülərdən biri 1027-ci ildə Şəddadilər dövlətinin hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilmişdir. Tarixi mənbələrdə körpülərin tikintisi ilə bağlı fərqli fikirlər mövcuddur; bəzi müəlliflər isə körpünün ayrı-ayrı dövrlərdə bərpa və yenidənqurma işlərinə məruz qaldığını qeyd edirlər.
Araz çayı üzərində salınmış iki Xudafərin körpüsündən birincisi “Baş Xudafərin körpüsü” adlanır. Uzunluğu təqribən 130 metr, eni 6 metr, hündürlüyü 12 metr olan bu körpü təbii qayalar üzərində inşa edilmişdir. İkinci körpü isə 15 aşırımdan ibarət olmuş, uzunluğu 200 metr, eni 4,5 metr, hündürlüyü 10 metr təşkil etmişdir. Tarixi mənbələrə görə, ikinci körpü  XIII əsrdə, Elxanilər dövründə tikilmiş, hazırda onun yalnız üç aşırımı salamat qalmışdır.
    Bəzi tədqiqatçılar körpünün ilkin formasının Əhəmənilər dövründə ağac konstruksiyadan ibarət olduğunu, sonradan Eldənizlər və Elxanilər dövrlərində daş və kərpiclə əsaslı şəkildə yenidən qurulduğunu ehtimal edirlər. XII–XIII əsrlərdə Azərbaycan ərazisində salınmış digər möhtəşəm körpülərlə – o cümlədən Qazaxdakı Sınıq körpü (Qırmızı körpü), Gəncəçay üzərindəki körpülər və Qızılüzən çayı üzərindəki Qız körpüsü ilə birlikdə Xudafərin körpüləri ölkənin mühəndislik və memarlıq ənənələrinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir.
    Tarix boyu mühüm hərbi-strateji əhəmiyyət daşıyan körpü müxtəlif dövrlərdə dağıntılara məruz qalmışdır. XVIII əsrdə Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı    körpünün bir hissəsi uçurulmuş, sonradan bərpa edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonunu işğal etməsi nəticəsində abidəyə ciddi zərər dəymişdir.
    Azərbaycan Silahlı Qüvvələri tərəfindən 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunması ilə Xudafərin körpüləri də nəzarətə götürülmüş, 18 oktyabr 2020-ci ildə isə körpü ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.
    Bu gün Xudafərin körpüləri təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Azərbaycan dövlətçiliyinin, mədəni irsinin və milli yaddaşının rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Keçidlər