Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2023 | 15:29

    24 fevral 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Böyük Mərcanlı kənd Uşaq İncəsənət Məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qar üstünə qan yağırdı” adlı tədbir keçirilib. Xocalı soyqırımının günahsız qurbanlarının habelə bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımından artıq 31 il ötür. Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülmüşdür. Ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalılara və bütün məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir.
    Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilib. Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kompaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində soydaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Sonda isə Böyük Mərcanlı kənd Uşaq İncəsənət Məktəbinin müəllimlərinin və 8 saylı tam orta məktəbin şagirdlərinin birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər