Xankəndi şəhərində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda konfrans keçirilib
15 may 2026-cı il tarixdə Xankəndi şəhərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda konfrans keçirilib. Konfransda Fövqəladə Hallar Nazirliyinin (FHN), Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, aidiyyəti nazirliklərin və dövlət qurumlarının mülki müdafiə sahəsi üzrə məsul şəxsləri, həmçinin yerli idarə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, eləcə də yanğınsöndürmə və xilasetmə texnika ilə tanış olublar. Nazirliyin mütəxəssisləri iştrakçılara avadanlıqların təyinatı, iş prinsipləri və fövqəladə hallar zamanı tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər.
Konfransda, əvvəlcə FHN-in mülki müdafiə sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər əhalinin təhlükəsizliyinin təmin edilməsində mülki müdafiə işinin, mülki müdafiə sahəsində qurumlararası qarşılıqlı fəaliyyətin əhəmiyyəti, ekoloji risklərin qabaqcadan müəyyən edilməsi və effektiv idarə olunmasında qurumlararası koordinasiya və əhalinin hazırlanmasının ən vacib məsələlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini əhalinin və ərazilərin mühafizəsinin təşkili məsələlərinə cəlb etməkdən ibarətdir.
Konfransda Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, rayon Mülki müdafiə qərargahının rəisi Mayil Əliyev və aparatın Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Qalib Quliyev iştrak ediblər.






