Xalqımızın qəhrəmanlıq tarixində yaşayan Hüseynov Vüqar Tofiq oğlu
Özlərinə əbədiyyət heykəli ucaldaraq xalqımızın qəhrəmanlıq tarixində yaşayan oğullarımızdan biri də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovdur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını qurban vermiş igid eloğlumuzun bu gün 57 yaşı tamam olur.
Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulub. 1976-1986-cı illərdə doğma kəndində təhsilini başa vuraraq, Bakıdakı 14 nömrəli texniki-peşə məktəbində elektrik qaynaqçısı ixtisasına yiyələnib. 1987-1989-cu illərdə daxili qoşunlarda hərbi xidməti dövründə "çavuş" rütbəsinə layiq görülən V.Hüseynov xidmətini başa vurduqdan sonra Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı ilin əvvəllərində erməni daşnaklarının ərazilərimizə basqını zamanı Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazılaraq Xocalı, Goranboy və Çaykənd istiqamətlərində erməni quldurlarına qarşı rəşadətlə vuruşaraq, döyüşlərdə yaxından iştirak etmişdir. Rayonun bir sıra kəndlərinin azad edilməsində böyük şücaət və igidlik göstərib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında da onun böyük xidməti olmuşdur.
1991-ci il iyulun 20-də ermənilərin böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücumu zamanı döyüş yoldaşları ilə birlikdə neçə-neçə erməni quldurunun məhv olunmasında, ələ keçirilməsində fəal iştirak edib. İgidliyi, mərdliyi, qorxmazlığı ilə fərqlənən cəsur eloğlumuz döyüş yoldaşları ilə birlikdə düşməni geri oturtmağı bacarsa da, özü düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur. Uğurlu döyüş yolu keçən həmyerlimiz 21 yaşında doğulduğu Daşkəsən kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il Fərmanı ilə Vüqar Tofiq oğlu Hüseynova erməni quldur dəstələrinə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
1992-ci ildən təhsil aldığı Cəbrayıl rayon Daşkəsən kənd orta məktəbi onun adını daşıyır.






