Xalq yazıçısı Sabir Əhmədli
17 aprel Azərbaycanın görkəmli ziyalısı və istedadlı nasiri, xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Əhmədlinin anım günüdür.
Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda anadan olub, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Beş il doğma rayonunda müəllim, məktəb direktoru işləyən Ustad yazıçı 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi, 1993-1996-cı illərdə isə baş redaktoru işləyib.
Sabir Əhmədli ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edən gənc yazıçının "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları da işıq üzü görüb.
Azərbaycan nəsrində roman ustası kimi dəyərləndirilən Sabir Əhmədli 1992-ci ildə “Azərbaycanın xalq yazıçısı” fəxri adına layiq görülüb.
Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb
S.Əhmədli 17 aprel 2009-cu ildə ömürünün 79-cu baharında Bakı şəhərində vəfat edib.
Görkəmli yazıçı Sabir Əhmədlinin işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.






