“Uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
25 noyabr 2025-ci il tarixdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5 bəndinin icrasının təmin edilməsi məqsədilə rayonun 14 saylı tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mayil Əliyev, din xadimi Elman Piriyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirə Ulu öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edənlər bildiriblər ki, vətənpərvərlik ali hissdir. Vətən övladı həyatının hər anında bu hissi ifadə etməlidir. Uşaq dünyaya gələndə gərək ona verilən ilk dərs bu ola: Sənin borcun doğma torpağı – vətəni qorumaq, onu ana kimi sevməkdir. Adama elə gəlir ki, bu sözlər ana laylası qədər doğmadır.
Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Bunları qoruyub saxlamaq milli yiyəlik hisslərinə sahib çıxmaq, itirmək isə xalqın öz simasını itirmək deməkdir.
Milli-mənəvi dəyərlərin mahiyyətini böyüyən nəsillərə aşılamaqda ailə və məktəb əvəzsiz qüvvədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidir ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar.”.
Tədbir şagirdlərin vətənpərvərlik ruhunda söylədiyi şeirlərlə davam etdirilib.






