“Uşaqlar gələcəyə bir körpüdür” adlı tədbir keçirilmişdir
08 iyun 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” layihəsi əsasında Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar gələcəyə bir körpüdür” adlı tədbir keçirilmişdir. Tədbir Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlanmışdır. Sonra tədbir iştirakçıları Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına ekskursiya etmişlər. İştirakçıları İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva qarşılayaraq İcra Hakimiyyətinin strukturu, iş prinsipi, şöbələri haqqında ətraflı məlumat vermiş, Heydər Əliyev guşəsi ilə tanış etmişdir.
Çərəkən kənd klubunda Heydər Əliyevin fəaliyyətini əks etdirən İdeoloji mərkəzdə dəyirmi masa ətrafında davam etdirilən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə tədbiri açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva tədbirin mahiyyətindən, “Heydər Əliyev ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirilməsindən, bu günkü tədbirin də həmin silsilə tədbirlərin bir hissəsi olduğunu bildirmişdir. Natiq Ümummilli Lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli, bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Uşaqların müdafiəsi, sağlamlığı, təhsili, bir sözlə uşaq problemlərinin həllinə yönəlmiş dövlət proqramlarının həyata keçirilməsindən, onların gələcəklə bu gün arasında bir körpü olduğundan söhbət açmışdır.
Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndəsi Firuzə Məmmədova və digər şagirdlər çıxış edərək bu günkü xoşbəxt günün Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirmişlər. Onlar Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın qorunub saxlanılması və inkişafı naminə gələcəkdə layiqli vətəndaşlar olacaqlarını diqqətə çatdırmışlar.