Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir!” mövzusunda konfrans keçirilib
27 aprel 2023-cü il tarixdə 4 saylı qəsəbə klubunda YAP rayon təşkilatının və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir!” mövzusunda konfrans keçirilib. Konfransda YAP Veteranlar şurasının üzvü Əli Həsənov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, rayonun Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP fəalları, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin heykəlini və “Şəhidlər” abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edənlər bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salınır və Ulu Öndərin əbədiyaşar ideyaları geniş ictimaiyyətin diqqətinə çatdırılır. “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir!” mövzusunda keçirilən konfrans Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərinin, Ulu Öndərin irsinin və müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Qeyd olunub ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Daha sonra bildirilib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Konfransın sonunda YAP rayon fəallarına Fəxri fərmanlar, təşəkkürnamələr və partiyanın üzvlüyünə yeni qəbul olunanlara vəsiqələr təqdim olunub.