Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq çərşənbəniz mübarək olsun!

18 mart 2025 | 09:55

    Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir. Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
    Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq, müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı idi: “Torpaq haqqı” deyən sözün düzünü söylərdi. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: öldür məni dirildim səni”, “Torpaqda izi olanın süfrədə üzü olar”.
    Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Son çərşənbədə süfrə bu yeddi nemətlə - su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbüllə bəzədilir.
    İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.
    Süfrənizin ruzi-bərəkətli, arzu-niyyətlərinizin çin olması, diləyi ilə, Torpaq çərşənbəniz, İlaxır çərşənbəniz mübarək olsun!

 

Keçidlər