Şriftin ölçüsü :

Saytın rəngi :

Tofiq Hacıyev-90

30 aprel 2026 | 18:06

       Bu il müasir Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 90 ili tamam olur.
       Tofiq Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirdikdən sonra 1953-cü ilde Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək Dilçilik ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Alim 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mõvzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tofiq Hacıyevin namizədlik dissertasiyası türkologiya tarixinə Azərbaycan dilçiliyində keçid şivələri haqqında ilk elmi iş kimi düşmüşdür.
       Azərbaycan dilçilik elminin inkişafı tarixində əvəzsiz xidmətlər göstərmiş böyük alim 1971-ci ildə professor elmi adına layiq görülmüş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Onun "Sabir: qaynaqlar və sələflər, "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz", "Dədə Qorqud: dilimiz, düşüncəmiz" kitabları elmi ictimaiyyətin rəğbətlə qarşıladığı əsərlərdir. Akademik Tofiq Hacıyev "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan dili", “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan dili tarixi" kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Alimin klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi, "Satira dili", "Yazıçı dili və ideya-bədii təhlil", "Molla Nəsrəddin"in dili və üslubu", "Füzuli: dil sənətkarlığı” kitabları, orta məktəblər üçün "Türk dili" (IX siniflər üçün), "Türk dili" (X-XI siniflər üçün) dərslikləri nəşr edilmişdir. Azərbaycan dilçilik məktəbinin böyük simalarından olan Akademik 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifi olmuşdur. Böyük müəllim kadr hazırlığı sahəsində də xüsusi fəaliyyət göstərmiş, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi kadr yetişdirmişdir. O, Kişinyov, Almatı, Dūşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr etmişdir. Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Görkəmli alim 1995-ci ildə Türk Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, elmi və ictimai fəaliyyətinə görə 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif edilmişdir, Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik "Türk dünyası ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuşdur. Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə "Türk dünyasına xidmət" medalı ilə təltif edilmiş, həmin il Atatürk Dil Qurumunun Üstün Hizmet Baratına layiq görülmüşdür. Tofiq Hacıyev uzun illər Bakı Dövlət Universitetinin Türkologiya kafedrasına rəhbərlik etmiş, 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Türk dünyasının görkəmli alimi, akademik Tofiq Hacıyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Səmərəli elmi fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almış, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
     Əməkdar elm xadimi, XX əsrdə Azərbaycanda böyük dilçilik məktəbinin yaradıcılarından olan türkoloq-alim 2015-ci il noyabrın 27-də ömrünün 80-ci ilində vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub. Akademik Tofiq İsmayıl oğlu Hacıyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaqdır.

Keçidlər