Şriftin ölçüsü :

Saytın rəngi :

TARİXİ QƏLƏBƏMİZİN ZƏFƏR SEVİNCİ

08 noyabr 2022 | 08:58

    Son iki ildən bəri xalqımızın qan yaddaşında əbədiləşən, 2020-ci il sentyabr ayının 27-dən növbəti düşmən təxribatlarının qarşısını almaq məqsədiylə başlayıb, 44 gün ərzində davam edən və sonda Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən II Qarabağ Müharibəsi tariximizin ən şanlı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Həmin günlərdə xalqımız öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müzəffər Azərbaycan Ordusunun gücünü-qüdrətini və yenilməzliyini dünya qarşısında nümayiş etdirməyə müvəffəq oldu.
    Hamımızın cəbhədə gedən döyüşləri həyəcanla izlədiyimiz 44 gün ərzində Prezidentimiz İlham Əliyev müzəffər sərkərdə kimi həm hərb meydanında, həm də diplomatik cəbhədə öz yenilməz iradəsini ortaya qoydu!
    II Qarabağ Müharibəsi tariximizin ən qürurverici səhifəsinə, Azərbaycan xalqının iftixar rəmzinə çevrildi. Sonda məhz ölkəmiz 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi və ərazilərimizin çox böyük hissəsi düşmənin qanlı caynaqlarından xilas edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
44 gün ərzində Azərbaycan xalqı, dünya azərbaycanlıları, qardaş Türkiyə bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq...
    Yeri gəlmişkən, 2016-cı ilin aprel aynda bizim Cocuq Mərcanlı kəndinin üst tərəfindəki yüksəklikdə yerləşən Lələ təpəsinin düşməndən azad edilməsi və sonrakı vaxtlarda ermənilərin Tovuz rayonu istiqamətində irəliləmək cəhdinin uğursuzluğa düçar olması göstərdi ki, Azərbaycan Ordusu işğala məruz qalmış torpaqlarımızı azad etməyə qadirdir!
Bu gün fəxarət hissiylə qeyd edirik ki, müharibənin elə ilk günündəcə bizim Cəbrayıl rayonunun Böyük Mərcanlı , Nüzgar kəndlərinin və Füzuli rayonunun bir neçə yaşayış məntəqəsinin azad edilməsi, Azərbaycan əsgərlərinin qələbəyə inamını daha da artırdı. Sonrakı günlərdə Qarabağın digər səmtlərindən gələn zəfər soraqları ilə yanaşı, bir-birinin ardınca Arazboyu və rayonun dağlıq hissəsindəki kəndlərin azad edilməsi xəbərləri də ölkəmizin hər yerində sevinc hissiylə qarşılandı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin, sonrakı vaxtlarda isə Xudafərin körpüləri, Diridağı, Dağtumas, Sirik, Hovuslu, Şıxlar, Qazanzəmi... kəndlərində, Gordubaba, Tey, Ağoğlan və Qala dağlarında üçrəngli bayrağımız dalğalanmağa başladı. Müzəffər Azərbaycan Ordusu Şuşanın qapısı hesab olunan Hadrut qəsəbəsində, Zəngilan-Qubadlı, Tərtər istiqamətlərində və digər döyüş bölgələrində düşmənə sarsıdıcı zərbələr vurmaqla, Şuşada düşməni diz çökdürdülər...
    Qırx dördgünlük qanlı savaşda Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. 8 noyabr 2020-ci il hərb tariximizə Qarabağa qovuşduğumuz gün kimi həkk olundu! 8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yenilməz hünərləri sayəsində şanlı qəhrəmanlıq dastanına çevrildi!
O qanlı-qadalı günlərdə müzəffər ordumuz Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər yaşayış məntəqələrimizdə düşmənin törətdiyi soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanlarında aldı və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
    “Qarabağ Azərbaycandır!” devizi ilə başlayıb, Zəfərlə sonlanan 44 günlük yurd savaşı tarix boyu iftixar rəmzimiz, qürur mənbəyimiz olaraq qalacaqdır!..
II Qarabağ Müharibəsi sona çatandan sonra, 30 ilə yaxın müddət ərzində qarı düşmənin viranəliyə çevirdiyi yaşayış məntəqələrində, yollarda böyük quruculuq işlərinə başlandı. Son iki il ərzində Şuşada bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, Füzuli və Zəngilanda beynəlxalq aeroportlar tikilmiş, Zəngilanın Ağalı kəndi yenidən abad bir yaşayış məntəqəsinə çevrilərək, sakinlərini yenidən qoynuna almışdır...
    Bizim Cəbrayıl camaatı da doğma ata ocaqlarına qayıdacaqları günləri həsrətlə gözləyirlər. İnşallah, ümid edirik ki, o gün çox da uzaqda deyildir!
    II Qarabağ Müharibəsinin Qələbə sevincini xalqımıza bəxş eləyən Prezidentimizə Cəbrayıl rayon sakinləri adından minnətdarlığımızı bildirir, Şəhidlərimizə Ulu Tanrıdan rəhmət,    Qazilərimizə cansağlığı arzulayırıq.
    ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!

 


    Cəbrayıl Rayon İcra Hakimiyyəti

 

Keçidlər