Tarixi abidələrimizdən olan “Şıx Baba türbəsi”
Xalq arasında Şıxbaba türbəsi kimi tanınan tarixi abidələr Azərbaycanda bir neçə yerdə mövcuddur ki, onlardan biri Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış Şıx Baba türbəsidir.
Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndi də "Şıx baba" türbəsinin adındandır.
Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Türbəni vaxtilə bişmiş kərpicdən hörülmüş dördkünc hasar əhatə etmişdir. Hazırda bu hasarın giriş hissəsindən kiçik bir hissəsi qalmışdır. İçəridən sağ tərəfdə, yerdən təqribən bir metr hündürlükdə kərpic hörgüdəki taxça içərisində çox nəfis surətdə işlənmiş falas formalı mərmər başdaşı qoyulmuşdur. Başdaşının yuxarı hissəsi səkkiztillidir. Hasardan içəri qoyulmuş digər bir başdaşında isə tarix yoxdur. Lakin abidənin formasına, ölçüsünə və kitabənin xətt xüsusiyyətinə görə onu da əvvəlkilərin dövrünə aid etmək olar. İri xətli kitabədə "Şeyx Məhiyəddinin vəfatı" sözləri yazılmışdır.
Şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəlinən kiçik bir başdaşı parçasında ərəbcə yazılmış — "Bu qəbir Şeyx Əkbərindir" sözləri oxunmuşdur.
Ətrafdakı böyük qəbiristanlıqda XIV–XX əsrin əvvəllərinə aid şeyx və şeyx övliyalarının məzar daşlarına rast gəlmək mümkündür. Lakin orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altındadır. Onları qazıb çıxarmaq mümkün deyil.
Cəbrayıllı yaşlı nəsillərin verdiyi məlumatlardan məlum olur ki, o dövrdə vergi ödəyiciləri vergilərini Şıx baba nəslinə ödəyiblər. Çox güman edilir ki, bu vergilər çox zaman xeyriyyəçilik işlərinə sərf olunurdu və Xudafərin körpülərinin salınmasında da bu vəsaitlərdən istifadə olunmuşdur. Şıxlar kəndi öz adını da həmin türbəyə uyğun olaraq almışdır.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şıxlar kəndi işğal edildiyi zaman türbə də işğala və dağıntılara məruz qalmışdır. Lakin 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən kənd işğaldan azad edilən zaman Şıx baba türbəsi də düşmən tapdağından azad edilmişdir. Türbə baxımsız vəziyyətdə olsa da dağıdılmamışdır.






