Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb
15 sentyabr 2026-cı ildə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndində daha bir tarixi gün yaşanıb. Kənd məktəbində 33 ildən sonra ilk zəng çalınıb, tədris ili başlayıb. Şagirdlər böyük sevinc və həyəcan hissi ilə sinif otaqlarına daxil olublar.
Nəzərinizə çatdırırıq ki, 9 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını da edib.
Qeyd edək ki, müasir standartlara uyğun inşa edilən məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Belə ki, ikimərtəbəli məktəb binasında 23 sinif otağı, 2 laboratoriya, kimya, fizika və biologiya kabinetləri, informatika və çağırışaqədərki hazırlıq kabineti, tibb otağı, qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı və 220 yerlik akt zalı mövcuddur.






