Sudan istifadə mədəniyyətimiz formalaşıbmı? Su həyatdır, suya qənaət edək!
Bu gün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Hazırda dünya qlobal istiləşmə təhlükəsi və mövcud təbii su ehtiyatlarının quruması kimi çox təhlükəli bir vəziyyətlə qarşı qarşıyadır. Suyun hər damlasında həyat olduğunu, ruzinin və həyatın mənbəyi olan susuz, cadar-cadar olmuş torpağın isə bir səhra olduğunu hamımız bilirik. Səhralaşma və su çatışmazlığı insanları suyun dəyərini daha çox anlamağa məcbur edir, suyun elə həyatın özü olduğunu bir daha göstərir. Dünyadakı bütün canlıların, o cümlədən insan orqanizminin 60-70 faizi sudan ibarətdir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Bu isə suyun nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu bir daha sübut edir. Digər tərəfdən həyatın mövcudluğunu özündə əks etdirən dörd ünsürdən biri, bəlkə də, ən vacibi də məhz elə sudur. Ucuz olan bir malın “su qiymətinə olduğu” dövr artıq tarixə qovuşub. Bütün bunları nəzərə alaraq, dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir. Ölkəmiz də beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin belə fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edir, su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirir . 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixdə imzaladığı sərəncam bunu bir daha sübut edir. Sərəncamda da qeyd edildiyi kimi Azərbaycanın 2030-cu ilə qədər “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işləri daha da intensivləşdirməyi əsas vəzifələr olaraq qarşıya qoyur. Məqsəd isə hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Suyun insan həyatında hansı rol oynadığını hamımız bilirik. Bəs, sudan istifadə mədəniyyətimiz necədir? Biz bu sahədə zamanla ayaqlaşa bilirikmi, qənaət mədəniyyətimiz formalaşıbmı? Sularımızı necə qoruyuruq?
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Ölkəmiz su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Son illərdə dünyada, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir. Quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.
Əlbəttə ki, Kürün suyunun azalması, iri dənizlərin və okeanların çirklənməsi və qlobal su problemi bir insanın və ya ölkənin həll edəcəyi problem deyil.
Amma suya qayğı ilə yanaşmaq, məsələn onu israf etməmək olar. Bu təkcə suya deyil, ərzaq məhsullarına və geyimə də aiddir. Hələliksə ilk addım suyu qorumaq – ondan qənaətlə istifadə etməkdir.
Əslində suya qənaət ailənin özünə də sərfəlidir, az istifadə - az xərcdir. Su xərclərinə, ən əsası içməli suya necə qənaət etmək olar?
Bunun üçün Sizə aşağıdakı qaydaları təqdim edirik:
1. Əgər evdə sayğac yoxdursa, sayğac qoyun
Bu yolla siz öz istifadə etdiyiniz suyun pulunu ödəyəcəksiz, bütün bina və məsuliyyətsiz qonşuların pulunu yox.
2. Xarab santexnikanı ya dəyişdirin, ya da təmir etdirin
Xarab olmuş, su axıdan unitaz ildə təxminən yetmiş iki min litr (72 kubmetr) boşuna sərf olunan sudur. Bunu pula çevirəndə (kubu 8 manatdan) təqribən 575 manat edir. Xarab kran gündə 200 litr, ayda 6 min litr su itkisi deməkdir. Qiymətini özünüz hesablaya bilərsiniz. Axıradək bağlanmayan kran, su buraxan borular və sair. Bunlar hamısı əlavə xərc və su itkisidir.
3. Qənaətcil santexnika quraşdırın
Əslində belə texnikalar əksər yerlərdə artıq quraşdırılıb. İki düyməli unitaz, su şırnağını səpələyən və gücləndirən duş ucluqları, kran ucluqları və sair. Bütün bunlar suyu daha qənaətlə istifadə etməyə şərait yaradır.
4. Sudan istifadə etməyəndə, kranı bağlayın
Necə deyərlər, bütün xalqların və dövrlərin əsas problemi. Üz qırxanda və ya dişi yuyanda suyu bağlayırsınız? Bəs duşda sabunlanarkən necə? Xırdalıqlardır, əlbəttə. Amma məhz bu vərdişlərə görə, böyük su itkiləri baş verir.
Xəbəriniz varmı ki, suyu bağlamayıb dişləri yuyanda düz 45 litrə yaxın su israf olunur? Cəmi 3 dəqiqəyə! Çıxış yolları var, sadəcə suyu bağlamaq. Məsələn, ağzı yaxalamaq üçün, stəkana su doldurun. Cəmi yarım litrlə məsələ həll olunacaq.
5. Qab yuyanda suyu açıq qoymayın
Hamamdakı pis vərdişlər mətbəxdə daha böyük miqyasda təkrar olunur. Baxın, tam açıq kran on dəqiqəyə yüz əlli litr su sərfi deməkdir. Axı bağlı kranla da qabları təmizləmək və qab yuyanla yumaq, axan su altında yalnız yaxalamaq olar.
Belə vəziyyətdə kran 10 dəqiqə əvəzinə, cəmi 3-4 dəqiqə açıq qalacaq - təxminən 100 litrə qənaət (80 qəpik). Eləcə də, qab yuyanda yuyucu vasitələri israf etməyin. Əvvəla, kimyəvi maddələrdən çox istifadə sağlamlığa zərərlidir. İkincisi, yuyucu vasitələrdən çox istifadə etdikcə, onu qabdan yuyub təmizləmək də çətinləşir və buna daha çox su gedir.
6. Tərəvəz və meyvələri axar suda yumayın
Yay mövsümü meyvə-tərəvəzin ən çox istifadə edildiyi vaxtdır. Amma axar su ilə yuyulduqda böyük su sərfi də yaradır. Onu görə də, ən yaxşısı meyvə-tərəvəzi su doldurulmuş qabda yumaqdır. Meyvələri axar suyun altında deyil, su ilə dolu qabda yuduqda təxminən 32 litr suya qənaət edirsən. Bir böyük qazandakı 3 litr su 15 litr axar suyu əvəz edə bilir.
7. Paltaryuyan maşın dolu olanda istifadə edin
Paltaryuyan maşında yuma zamanı bir yuyuluşa sərf olunan minimal su həcmi, otuz səkkiz litrdir, maksimal həcm isə səksən litrə çatır. Ona görə də birdəfəyə çoxsaylı paltar yumaq yaxşıdır. Bu həmçinin enerjiyə qənaətə də imkan verər.
8. Ərzaqların buzunu axar su ilə açmayın
Bəzən xanımlar donmuş ərzağın donunu açmaq üçün onu axar suyun altına qoyurlar. Amma bu su israfından savayı, həm də məhsulun keyfiyyətinin azalmasına səbəb olur. Ən yaxşısı öncədən ərzaqları buzxanadan soyuducuya qoymaqdır.
9. Əgər vacib deyilsə, kranı tam açmayın
Bu çox kiçik, hətta ilk baxışdan mənasız məsələ görünə bilər. Amma su kranının tam və ya yarımçıq açılması su sərfini 2-3 dəfə artırır. Ona görə də əgər doğrudan da təzyiqli su lazım deyilsə, əli yumaq və ya qabları yaxalamaq üçün lazımdırsa, kranı tam açaraq, suyu boşuna sərf etməmək tövsiyə olunur.
Əziz dost Sən də bizə qoşul, bir damcı qoruyanlardan ol!