Şriftin ölçüsü :

Saytın rəngi :

Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

21 may 2025 | 11:58

    20 may 2025-ci il tarixdə Bakı şəhəri 12 saylı Peşə liseyinin akt zalında Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayonun tanınmış ziyalıları, ağsaqqallar, şəhid ailələri, qazilər, veteranlar, Cəmil Əhmədovun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin, Cəmil Əhmədovun və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq, tədbirin məqsədini açıqlayıb və əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, Vətənimizin azadlığı uğrunda gedən qanlı döyüşlərdə şərəfli yol keçmiş Əhmədovlar nəslinin igid, qəhrəman övladları Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun, erməni vandalizmi ilə aparılan mübarizədə şəhid olmuş qardaşı oğlu Məhəmməd Əhmədlinin və diğər Azərbaycan övladlarının tarixi şücaətləri, heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Dövlətimiz hər zaman onların şərəfini uca tutur, ailələrinə böyük diqqət və qayğı ilə yanaşır. Bu qəhramanları anmaq, yada salmaq hər birimizin müqəddəs borcudur.
    Sonra Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş qısametrajlı film nümayiş olunub.
    Milli Məclisin deputatı Ceyhun Məmmədov, dövlət xadimi, rayon ziyalısı Aslan Aslanov, Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbin müəllimi Minə Fətəliyeva, yazıçı publisist Taiyel Abbasov, ailə adından Cəmil Əhmədovun qardaşı qızı Yaqut Əhmədli çıxış edərək qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar barədə öz fikirlərini bölüşüblər.
    Tədbirə qəhramanın adını daşıyan Cəbrayıl şəhər tam orta məktəbin şagirdləri də qatılıb və ədəbi-bədii kompazisiya ilə töhfələrini veriblər.

Keçidlər