Şəhid Yolçuzadə Nizami Vahid oğlunun xatirəsi yad edilib
10 aprel 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Yolçuzadə Nizami Vahid oğlunun doğum günü münasibətilə 3 saylı Cəbrayıl qəsəbəsindəki Şəhidlər xiyabanında anım tədbiri keçirilərək xatirəsi yad edilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, şəhid general Polad Həşimovun anası Səmayə xanım və digər şəhid ailələri, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri, məzunu olduğu 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli yoldan söhbət açaraq bildiriblər ki, Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həmdə bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən yolunda canından keçməyin nə olduğunu öyrənirik. Həyatda ən böyük xoşbəxtlik elə Vətən yolunda şəhid olmaqdır. Bu gün hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidirlər. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq. Unutmayaq ki, şəhidlər ən ali qürur mənbəyimizdir. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Çıxış edənlər Şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.