Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Leytenant Ravil Hümbətov İkinci Fəxri Xiyabanda dəfn edilib

15 sentyabr 2022 | 17:39

    Sentyabrın 12-si və 13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
   Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Cəbrayıl şəhər sakini, 1987-ci il təvəllüdlü, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Hümbətov Ravil Mübariz oğlu şəhid olub.
    Sentyabrın 14-də Vətənin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – leytenant Hümbətov Ravil Mübariz oğlunun dəfn mərasimi keçirilib.
    Dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Müdafiə Nazirliyinin rəsmi heyəti, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə insan iştirak edib.
İkinci Fəxri Xiyabana aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz,    Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.
   Ruhuna dua oxunduqdan sonra şəhid leytenant Hümbətov Ravil Mübariz oğlunun nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.
   Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyərək Azərbaycanın dövlət bayrağını şəhidin ailəsinə təqdim edib.
   Allah rəhmət eləsin!

 

Keçidlər