Şəhid Əyyub Süleymanovun xatirəsi anıldı
09 aprel 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi Əyyub Rasim oğlu Süleymanovun doğum günü münasibətilə Şəhidlər xiyabanında xatirəsi yad edilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavinləri Tapdıq Nəsirov, Fəridə İbayeva, aparatın məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edərək, ruhuna dualar oxuyublar.
Çıxış edənlər 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində şəhid olmuş Əyyub Süleymanovun keçdiyi döyüş yolundan, göstərdiyi rəşadət və qəhrəmanlığından geniş söhbət açıblar. Natiqlər bildiriblər ki, bu gün məhz şəhidlərimizin canı, qanı sayəsində tarixi Zəfərimizə nail olduq. Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanmasına, ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə borcluyuq.