Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi ilə bağlı müşavirə keçirilib

23 sentyabr 2022 | 16:47

    19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi ilə bağlı müşavirə keçirilmişdir. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aparatın, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
    Rayon rəhbəri şəhid ailələri və qazilərə dövlət qayğısından danışaraq bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyib.
    Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
     İcra başçısı Azərbaycan Ordusunda xidmət edən Cəbrayıl rayonundan olan əsgər və zabitlərinin keçdiyi döyüş yolu barədə də məlumat verib. Bildirib ki, Vətən müharibəsində Azərbaycan ərazisində olan erməni silahlı qüvvələri ilə mübarizədə Cəbrayıl rayonundan 256 nəfər müharibədə iştirak etmiş, 26 nəfər şəhidlik zirvəsinə yüksəlib, 23 nəfər isə əlil olub. Bütün şəhid, əlil, iştirakçı ailələri daima diqqət və qayğı ilə əhatə olunur.
     Müşavirədə Kamal Həsənov vətəndaş müraciətlərinə diqqətlə baxılması, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Dövlət qulluğunda çalışan hər kəsin bu təbəqədən olan şəxslərlə davranışında xüsusi həssaslıq göstərməsi, həm məmur, həm də vətəndaş olaraq mənəvi borcu olduğu bir daha diqqətə çatdırılıb. Mövcud olan problemlərin həlli istiqamətində işlərin bundan sonra da mərhələli şəkildə, dövlət siyasətinə uyğun olaraq aparılacağı qeyd olunub.

 

Keçidlər