Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə Novruz bayramı tədbiri keçirilib
16 mart 2023-cü il tarixdə Novruz bayramı münasibətilə Cəbrayıl rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və Cəbrayıl rayon Ağsaqqallar Şurasının təşkilatçılığı, "Xudafərin" şadlıq sarayının rəhbəri Siyavuş Əsgərovun dəstəyi ilə "Xudafərin" şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranları üçün bayram şənliyi təşkil olunub. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elman Nəsirov və Vüqar İsgəndərov, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsi ilə başlanıb. Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov giriş nitqi ilə çıxış edərək, ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib və bayramlarını təbrik edib. Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elman Nəsirov, Vüqar İsgəndərov, ağsaqqallar, şəhid ailə üzvləri, qazilər çıxış edərək tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkürlərini bildirib, tədbir iştirakçılarının bayramını təbrik etdilər.