Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili” və Novruz bayramına hazırlıqla bağlı ümumrayon müşavirəsi keçirilmişdir

04 mart 2026 | 16:42

    “Şəhərsalma və Memarlıq ili” və qarşıdan gələn Novruz bayramı münasibətilə rayonda keçiriləcək genişmiqyaslı sanitar - təmizlik və ağacəkmə aksiyasına hazırlıq məqsədi ilə Cəbrayıl rayonunda ümumrayon müşavirəsi təşkil olunmuşdur.
    Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və ictimaiyyət fəalları iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələri diqqətə çatdırdı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi və şəhərsalma siyasətinin bu gün cənab Prezident tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
    İcra başçısı bildirdi ki, “Şəhərsalma və Memarlıq ili”nin əsas hədəfləri ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşdırılması və ekoloji tarazlığın qorunmasıdır.
    Müşavirədə çıxış edən İcra hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı əsasında hazırlanmış Cəbrayıl Rayon İcra Hakimiyyətinin tədbirlər planı barədə məlumat verdi.
    Qeyd etdi ki, tədbirlər planına uyğun olaraq, Novruz Bayramı ərəfəsində sakinlər də cəlb edilməklə Cəbrayıl qəsəbələrinin ərazilərində, yol kənarlarında, ictimai obyektlərin həyətində yaşıl ağac və dekorativ gül kolları əkiləcək, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriləcək, habelə genişmiqyaslı sanitar - təmizlik işləri aparılacaqdır. Həmçinin qəsəbədaxili küçələr tullantılardan təmizlənəcək, nəzərdə tutulmayan yerlərdə yaradılmış zibilliklər ləğv edilərək ərazilərin abadlaşdırılması işləri görüləcəkdir.
    Müşavirənin gedişində İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov aksiya dövründə görüləcək işləri ayrı-ayrı məsul şəxslərlə birgə müzakirə etdi və nəzərdə tutulan bütün tədbirlərin Novruz Bayramına qədər başa çatdırılmasını tapşırdı.

Keçidlər