Şanlı qələbəmizin Aprel şəhidləri
02 aprel 2024-cü il tarixdə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Ruhin Əşrəf oğlu Qəhrəmanovun və Mahmud Azər oğlu İbrahimovun xatirəsi yad edilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, aparatın məsul əməkdaşları, şəhid ailələri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq xatirəsinə dərin ehtiramlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən döyüşlər zamanı xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdilər. 4 günlük döyüşlərindəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi və eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirilən uğurlu antiterror əməliyyatları xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Bu zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olduq.
Aprel döyüşlərində rayonumuzun iki qəhrəman övladı - Ruhin Əşrəf oğlu Qəhrəmanov və Mahmud Azər oğlu İbrahimov şəhidlik zirvəsinə ucalıb. Döyüşlərində göstərdiyi igidliyə görə Ruhin Qəhrəmanov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Bu gün işğaldan azad edilmiş ərazilərimizin səmasında üçrəngli bayrağımız qürurla dalğalanır, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır.
Bu gün istər, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Ruhin Qəhrəmanovun, Mahmud İbrahimovun və digər Vətən oğullarının, istərsə də Vətən müharibəsində, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu xalqımız tərəfindən daim uca tutulur, yaşadılır, qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır.