Rayonda payızlıq taxıl əkinləri üçün şumlama işlərinə başlanılıb
Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün həyata keçirilən aqrotexniki tədbirlər arasında şum mühüm əhəmiyyətə malikdir. Vaxtında və keyfiyyətlə aparılmış yay şumu torpağın keyfiyyət göstəricilərini xeyli artırır. Belə ki, torpaqda nəmliyin daha çox saxlanılmasına, alaq otlarının toxumlarının, sələf bitkilərinin qalıqlarının daha tez çürüyərək torpağa qarışmasına, toxum yatağının daha keyfiyyətli formalaşmasına şərait yaradır. Bu səbəbdən fermerlərə gələn ilin məhsulu üçün taxıl əkini ilə əlaqədar şumu mümkün qədər tez başa çatdırmaq tövsiyyə edilir.
Gələn ilin məhsulu üçün rayonda 14 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1800 hektarını suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 4500 hektardan çox sahədə yay şumu aparılmışdır ki, bu da proqnozlaşdırılan əkinlərin 32,1 % -ni təşkil edir. Yay şumunun aparılması davm etdirilir.
Torpaqlardan bol və keyfiyyətli məhsul alınmasında torpağın lazımi qida maddələri ilə zənginləşdirilməsi də vacib şərtlər sırasındadır. Hazırda fermerlər tərəfindən səpindən əvvəl əsas şum altına və səpinlə bərabər torpağa veriləcək mineral gübrələrin tədarükünə başlanılmışdır.
Ərazidə əkin aparacaq fermerlər tərəfindən bölgə üçün daha uyğun toxumların tədarükü də davam etdirilir. Hazırda fermerlərin yüksək məhsuldar və sertifikatlaşdırılmış toxumlarla təminatını daha da yaxşılaçdırmaq istiqamətində tədbirlər davam etdirilir.
Rayon ərazisində proqnozlaşdırılan taxıl səpininin aqrotexniki müddətdə və keyfiyyətlə başa çatdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı Rayon qrumlarının mütəxəssisləri tərəfindən fermerlərə lazımi təlimlərin keçirilməsinə başlanılıb.