Rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sahibkarlarla görüşüb. 9 fevral 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısının müavinləri, idarə və müəssisələrin rəhbərləri, İctimai Şuranın üzvləri və sahibkarlar iştirak ediblər.
Görüş zamanı gündəlikdə duran iki məsələ müzakirə edilmişdir. Birinci məsələ Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.1-ci yarımbəndinin (mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədi ilə ixtisasartırmanın təşkili) və ikinci məsələ həmin Tədbirlər Planının 7.1.22-ci yarımbəndinin (“ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi) icrası ilə bağlı olmuşdur.
Görüşü giriş sözü ilə açan RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı sahibkarların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübəyə yiyələnməsi məqsədi ilə təlimlərə cəlb edilməsinin əhəmiyyətindən bəhs edib. Sahibkarlara alış-veriş zamanı nağdsız hesablaşmaların təşviq edilməsi, obyektlərdə satış üçün vitrinə qoyulmuş hər bir malın üstündə qiymətinin olması, işçilərinin gələcəkdə sosial müdafiə və pensiya hüququnun yaradılması üçün onlarla əmək müqaviləsi bağlanması, Silahlı Qüvvələrə Yardım Fondu üçün ianənin edilməsinin və fövqəladə hadisələrdən sığortalanmaq üçün öz daşınmaz əmlaklarını sığortalamasının əhəmiyyəti barədə müvafiq tapşırıq və tövsiyələr verilib.
İcra başçısı görüşdə “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açıb. Rayon rəhbəri çıxışında bildirib ki, “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmışdır. Qurumun yaradılmasında məqsədin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olduğunu vurğulayıb. “ABAD” mərkəzlərində dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib. Görüşdə həmçinin bildirilib ki, “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, ən əsası istehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılmasını, logistika işinin və satışların təşkilini həyata keçirir. “ABAD” mərkəzlərinin sahibkarlara öz məhsullarını satmaları üçün geniş imkanlar açdığını qeyd edən rayon rəhbəri onları dövlət tərəfindən yaradılan bu imkandan səmərəli istifadə etməyə çağırıb.
Görüşdə çıxış edən sahibkarlar onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirərərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.