Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda baramaçılığın inkişafı ilə bağlı müşavirə keçirilmişdir

26 aprel 2024 | 09:36

     25 aprel 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında cari ildə ipəkqurdlarının bəslənilməsi ilə bağlı kümdarların iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, inzibati ərazi dairəsi üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri iştirak etmişlər. Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq Ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə tədbirlərin davam etdirildiyini bildirdi. Qeyd etdi ki, baramaçılığın yem bazasının yaradılması məqsədi ilə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 2016-2019-cu illərdə Çin Xalq Respublikasından gətirilmiş 67,5 min ədəd, 2017-2022-ci illərdə isə yerli istehsaldan verilmiş 81.4 min ədəd olmaqla, ümumilikdə 148,9 min ədəd tut tingi əkilmişdir. Tinglərə vaxtında qulluq göstərilmiş və normal bitiş alınmışdır. Mövcud tut bağlarında seyrəkliyin aradan qaldırılması məqsədi ilə bir fermer tərəfindən yaradılmış kiçik həcmli şitillikdə yetişdirilmiş 500-dən çox ting ərazilərə köçürülmüşdür. Hazırda bu istiqamətdə işlərin davamı üçün tədbirlər görülməkdədir.
   Ümumilikdə 2018-2023-cü illərdə rayon üzrə 647 qutu ipəkqurdundan 24206 kq barama istehsal edilmişdir. Keçən il isə 70 nəfər kümçü tərəfindən bəslənilən 135 qutu ipəkqurdundan ümumilikdə 5400 kq-a qarşı 5623,9 kq barama istehsal edilərək nəzərdə tutulan proqnoza 104,1 faiz əməl edilmiş, hər qutudan 40 kq-a qarşı 41,7 kq barama təhvil verilmişdir.
    Müşavirədə çıxış edən aidiyyəti qurumların rəhbər və mütəxəssisləri tərəfindən cari ildə barama istehsalı tapşırığının icrası üçün kümçülərə lazımi dəstək göstərilməsinin vacibliyi vurğulanmış, ipəkqurdunun bəslənilməsinə dair lazımi tövsiyələr verilmiş və baramaçıları maraqlandıran suallar cavablandırılmışdır.
    Sonda İcra hakimiyyətinin başçısı Kamal Həsənov cari mövsüm üçün müəyyən edilmiş barama istehalı tapşırığının icrası üçün rayon qərargahının üzvlərinə və əlaqədar qurumların rəhbərlərinə lazımı tapşırıqlar verdi.

 

Keçidlər