Rayonda barama mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir
30 aprel 2026-cı il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətində barama mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənovun sədrliyi ilə keçirilən müşavirədə rayonun xidmətində olan Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbələrində barama istehsalı ilə məşğul olan kümdarlar, aidiyyəti təşkilatıarın rəhbər və mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində rayonda tədbirlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini diqqətə çatdırmışdır.
İcra başçısı çıxışında qeyd edilmişdir ki, Dövlət Proqramının əsas məqsədi respublikada baramaçılıq və ipəkçiliyin inkişafını stimullaşdırmaq, bu sahədə məşğulluğu artırmaq, kənd əhalisinin gəlir imkanlarını genişləndirmək və qeyri-neft sektorunun davamlı inkişafına töhfə verməkdir.
Dövlət proqramı çərçivəsində baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bu günədək ümumilikdə 150 minə yaxın tut tingi əkilmişdir. 2017-ci ildən başlayaraq hər il rayona orta hesabla 110-125 qutu ipəkqurdu verilmiş və bir il istisna olmaqla bütün illərdə qarşıya qoyulmuş proqnoz artıqlaması ilə təmin edilmişdir.
2025-ci ildə 56 nəfər kümçü tərəfindən bəslənilən 100 qutu ipəkqurdundan 4000 kq proqnoza qarşı 4674 kq yaş barama istehsal olunaraq tapşırıq 116,9 faiz yerinə yetirilmiş, hər qutudan orta hesabla 46.7 kq yaş barama əldə edilmişdir.
Tədbirdə baramaçılığın mövcud vəziyyəti geniş təhlil olunmuş, sahənin inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Çıxış edənlər bu sahənin kənd yerlərində məşğulluğun artırılması, əhalinin gəlirlərinin yüksəldilməsi və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.
Aidiyyəti qurumların rəhbərləri və mütəxəssisləri tərəfindən cari ildə barama istehsalı üzrə tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün kümçülərə zəruri dəstəyin göstərilməsinin vacibliyi qeyd edilmiş, ipəkqurdunun bəslənilməsi ilə bağlı metodiki tövsiyələr verilmiş və baramaçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov cari mövsüm üzrə müəyyən edilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.






