Rayon rəhbəri növbəti səyyar qəbulu Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 16 yanvar 2024-cü il tarixdə Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində fəaliyyət göstərən Tatar kənd tam orta məktəbində səyyar qəbul keçirərək, rayon sakinlərinin müraciətlərini dinləyib. İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi qəbulda İcra Başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.