Rayon rəhbəri növbəti səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonunda keçirib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 18 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra hakimiyyətinin qərargahında səyyar görüş-qəbul keçirib. Görüşdə çıxış edən rayon rəhbəri əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan söhbət açan İcra başçısı bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirərək, hazırda işğaldan azad edilmiş Cəbrayıl rayonunda aparılan yenidənqurma işləri barədə qəbul iştirakçılarını məlumatlandırıb. Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlər üçün isə müəyyən tapşırıqlar verilərək, həlli prosesi nəzarətə götürülüb.
Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.