Rayon idmançıları Kikboksinq idman növü üzrə XXX Azərbaycan birinciliyində fəxri kürsüdə yer alıblar
18-21 iyun 2026-cı il tarixlərdə Gəncə Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq idman növünü kütləviləşdirmək, sağlam həyat tərzini təbliğ etmək və milli komandanın heyətini formalaşdirmaq məqsədilə Kikboksinq üzrə XXX Azərbaycan birinciliyi keçirilib. 82 klubdan 687 idmançının qatıldığı bu mötəbər birincilikdə Cəbrayıl rayonu şəhid Mahmud Cavadov adına Döyüşçü İdman Klubunu təmsil edən 8 idmançıdan 4-ü texniki-taktiki hazırlıqları və əzmkarlıqları ilə fərqlənərək fəxri kürsüdə yer alıblar.
32 kq çəki dərəcəsində Musayeva Zeynəb Ramil qızı və 30 kq çəki dərəcəsində Musayev Məhəmmədəli Ramil oğlu birinci yeri qazanaraq qızıl, 91 kq çəki dərəcəsində Qasımzadə Məhəmməd Ayaz oğlu və 40 kq çəki dərəcəsində Əliyev Əli Rəşad oğlu isə üçüncü yeri qazanaraq bürünc medala sahib olublar.
Qazanılan belə uğurlar, klubun gənc idmançılarının yüksək potensialını nümayiş etdirir və gələcəkdə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edəcəklərindən xəbər verir.
Cəbrayıl rayonu şəhid Mahmud Cavadov adına Döyüşçü İdman Klubunun kollektivini və idmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.






