Rayon İcra Hakimiyyətinin başçısı Respublika Fənn Olimpiadalarının qalibləri ilə görüş keçirib
13 iyun 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Respublika Fənn Olimpiadalarının final turunda uğur qazanmış rayon məktəbliləri və onların müəllimləri ilə görüş keçirib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon rəhbəri olimpiada qaliblərini, məktəb kollektivini təbrik edərək onlara xoş arzularını bildirib. Qeyd olunub ki, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi Azərbaycan təhsilində prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi dövlətimizin daim diqqət mərkəzində saxlanılır. Dövlətin iqtisadi və siyasi cəhətdən daha güclü inkişafı üçün düşünən beyinə, istedadlı, zəkalı elm sahiblərinə həmişə ehtiyac var. Bu məqsədlə xüsusi qabiliyyəti və istedadı olan uşaqların aşkara çıxarılıb onlarla hərtərəfli iş aparılması təhsil işçilərinin qarşısında qoyulan aktual məsələlərdəndir. Rayonumuzun ümumtəhsil məktəblərində çalışan müəllimlərin əməyinin nəticəsidir ki, 2024-2025-ci tədris ilində IX-XI siniflərdə təhsil alan doqquz şagirdimiz fənn olimpiadalarının respublika turunun final mərhələsində yüksək nəticə göstərərək qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bu görüşün məqsədi də elə qalibləri təbrik etmək, onların beynəlxalq olimpiadalarda iştirakına təkan verməkdir. Digər çıxış edənlər də qalibləri təbrik edib, bu nailiyyətin Cəbrayıl təhsilinin böyük uğuru olduğunu vurğulayıblar.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov qaliblərə və fənn müəllimlərinə Fəxri Fərmanlar təqdim edib.