Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Şirvan şəhərində səyyar-görüş qəbul keçirib

23 oktyabr 2026 | 16:42

23 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Şirvan şəhəri, məcburi köçkünlər üçün salınmış şəhərcikdə səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən geniş söhbət açaraq Qurultayın Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti özünə çəkdiyini bildirib. Qeyd olunub ki, qarşıya qoyulan əsas vəzifələr əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır. Prezident İlham Əliyev öz imkanlarımızdan maksimum istifadə etməklə müstəqilliyi və dövlətçiliyi möhkəmləndirməyi, güclü iqtisadi və hərbi potensialı daha da inkişaf etdirməyi dövlət siyasətinin ana xəttinin əsas istiqamətləri kimi müəyyənləşdirib. Rayon rəhbəri daha sonra iştirakçılara “mygov” platformasının funksional imkanları, mobil tətbiq vasitəsilə təqdim olunan elektron xidmətlər barədə də ətraflı məlumat verib. Bildirilib ki, “mygov” platforması vətəndaşlara bir sıra dövlət xidmətlərindən vahid rəqəmsal mühit üzərindən rahat və operativ şəkildə yararlanmaq imkanı yaradır, xidmətlərin əlçatanlığını artırır və vaxt itkisinin qarşısını alır. K.Həsənov rayon sakinləri arasında platformanın imkanları barədə məlumatlılığın artırılmasının və elektron xidmətlərdən istifadənin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
Qəbulda iştirak edən vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayan rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər