Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibətilə təbrik

09 aprel 2024 | 17:37
    Hörmətli həmvətənlər!
    Əziz Cəbrayıllılar!
 
    Sizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, birlik və bərabərliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin və nəfs üzərində qələbənin  sevincini yaşayırlar.
    Ölkəmizdə tarixən tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyətli rolu olmuşdur. Hər zaman milli-mənəvi dəyərlərimizə sadiq qalmış Cəbrayıllılar öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub yaşadırlar. Nəcib keyfiyyətləri ilə seçilən sakinlərimiz bu bayram günlərində kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərir, yüksək səbir, mərhəmət və xeyirxahlıq nümayiş etdirirlər.
    Haqlı qürur, minnətdarlıq və sevinc hissi ilə qeyd etmək istəyirik ki,   Şanlı Zəfərimiz sayəsində  tarixi-mədəni abidələrlə zəngin olan dədə-baba yurdumuzda həyat yenidən dirçəldilir, işğal zamanı məhv edilmiş və dağıntıya məruz qalmış qədim abidələrimiz, ibadət yerlərimiz bərpa olunur. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan bu bərpa – quruculuq işləri  Böyük Qayıdışın astanasında olan Cəbrayıllılara rahat gələcək, firavan həyat bəxş edəcək, məscidlərimizdən azan sədaları yüksələcəkdir.
    Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılaraq, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarımızın  xatirəsini bir daha dərin ehtiramla   yad edirik.  Uca Tanrının mərhəmət və şəfqəti hər zaman  Sizinlə olsun.
    Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayırıq. 
    Ramazan bayramınız mübarək olsun!
 
 
    Cəbrayıl Rayon İcra Hakimiyyəti 
 
    09 aprel 2024-cü il

 

Keçidlər