Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işləri aparılır
02 mart 2023-cü il tarixdə “Cəbrayıl RMX” publik hüquqi şəxsin əməkdaşları tərəfindən Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı 1 saylı klubda rayon əhalisi ilə maarifləndirici söhbət aparılmışdır. Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Qışa hazırlıq məqsədi ilə əksər insanlar mürəbbə turşu və bir sıra digər konservləşdirilmiş məhsullar hazırlayaraq tədarük görməyə başlayırlar. Günəş altında qurutma, duza və turşuya qoyma, təbii soyuqdan istifadə olunmaqla məhsul konservləşdirilməsi həyata keçirilir. Konservləşdirilmədən geniş istifadə olunmasına baxmayaraq, bu emal prosesi xüsusi diqqət və nəzarət tələb edir. Emal prosesində edilən hər hansı səhv konservləşdirilən məhsulun istehlak xassələrinə, eləcə də insan sağlamlığında ciddi problemlər yarada bilər. Buna görə də istehsalçılar məhsulların konservləşdirilməsində təhlükəsizlik tədbirlərini bilməli və onlara ciddi əməl etməlidirlər. İlk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməlidir. İstifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməlidir. Konservləşdirmədə istifadə edilən tara və qablaşdırıcı materialların tərkibində insan sağlamlığına zərərli və toksiki maddələr olmamalıdır.